Parlaq həqiqət

Ədalətsiziyə qarşı olan hər kəs bu günlərdə Əli bəyin yanında olmalıdır. Çünki indiyə kimi Azərbaycanda (mənim bildiyim) siyasi görüşünə görə həbs olunanlar və onlar haqqında cinayət işi açılanlar, ittiham olunanlar ya narkotikdən, ya qanunsuz silah sursat saxlamaqdan filan ittiham olunurdular. Əli Kərimli isə cinayətlə ittiham olunur.
Əli bəyi sevən sevməyən, dəstək olan olmayan bu böyük haqsızlığa, əxlaqsızılağa qarşı əlindən gələni əsirgəməməlidir. Əli Kərimlinin pasportunun əlindən alınmasına (bu açıq aşkar ev dustaqlığıdır), sədri olduğu partiyanın qərargahının çox absurd səbəblərlə əlindən alınmasına, evinin qarşısındakı əxlaqsız aksiyalara və başqa təzyiqlərə susmağınıza bir şey deyə bilmərəm. Amma cinayətlə ittiham olunmasını ən azından qınaya bilərsiz. Bu haqda yaza bilərsiz, danışa bilərsiz. Bircə statusla belə ona bu məsələdə dəstək ola bilərsiz. Bu ki, çətin deyil. Bu sizdən heç almır, aparmır.
Bu yazdıqlarım hər kəsə aiddir. Nə təşkilat, nə partiya nə də başqa bir birliyə aid deyil.
Fərd olaraq hamı öz dəstəyini göstərməlidir. Yəni bunun 2013 seçkiləri ilə əlaqədar çox iyrənc bir ittiham olduğu hamı üçün öz adından daha aydındır. Həqiqət öz parlaqlığı az qala gözümüzü deşir. Bu parlaqlığa gözümüzü yummaq günahdır, vallah.Image

Gənc olmaq müxalif olmaq deməkdir. (Elif Şafak)

Gözəldir gənc olmaq. Kim nə deyirsə, desin. Gedərək yaşlanan bir dünyada təzə bir inancla günə başlamaq. Gənc və müxalif olmaq isə daha da gözəldir. Damarlarında həyat enerjisi. Dünyanı dəyişdirə biləcəyinə, düzəldə biləcəyinə inanmaq. Amma ən gözəli, şübhəsiz ki, gənc, müxalif və aşiq olmaqdır. Eyni anda üçü birdən. Ondan sonra həyatın heç bir anı, heç bir mərhələsi o zamanki qədər ehtiraslı, dərin və rəngli keçməz. Heç bir mövsüm o dəli bahara bənzəməz. Gənc dediyin insan, onsuz da, müxalifdir. Hər şeyi olduğu kimi qəbul etməsi, sinəyə çəkməsi, “Belə gəlmiş, belə gedər” deməsi gözlənilə bilməz. Gənc insan zatən durulmamışdır, hələ yorulmamışdır. Qanı coşğu ilə axar, ürəyi təlaşlı çırpınar. Sürətli çarxda yaşamanın bir başqa adıdır – gənclik. Yaxşı bu vəziyyətdə gəncliyin təşkil etdiyi müxalif hərəkətlərə necə yaxınlaşmalı? Bu problemin cavabı hamımız üçün bir yetkinlik imtahanıdır. Əgər dünya üzərində bir inci kimi parlayacaqsa bu məmləkət, bir körpü olacaqsa mədəniyyətlər və mədəniyyətlər arasında, bu ancaq və ancaq demokratiyanı və “çoxluqçu”luğu içimizə həzm etməklə mümkündür. Demokratiya isə bizim kimi düşünməyənlərə, müxalif çıxanlara söz haqqı tanımaq deməkdir. Bu qədər təməl. Bu qədər dəqiq. Hər cəmiyyətdə həm medianın, həm siyasətçilərin gənc olmanın nə demək olduğunu zaman-zaman xatırlamalarında fayda var. Gənc dediyin müxalif olar, dostlar. Bu, onun ən təbii haqqıdır. Gənc bir insan sorğulamazsa, oxumazsa, düşünməzsə, danışmazsa, sual soruşmazsa, etiraz etməzsə yaşından əvvəl yaşlanar. Yaşlı gənclərdən ibarət olan bir dünya isə nəinki irəliləmək, heç tərpənə bilməz. Bu yazını İngiltərədən yazıram.Bir kafedə oturmuşum.Bir həftə əvvəl bu qapının qarşısından qışqıran qızğın tələbələr keçirdi. Həm də axın-axın. İngilis hökumətinin universitetdə təhsil haqqını artırması bir silsilə hərəkəti tətiklədi. Aksiyada səslənən şüarlarını eşitsəydiniz..İqtidar və müxalifət siyasətçiləri üçün demədikləri söz qalmadı. İndiyədək üç böyük aksiya keçirildi. Bunlardan ikisi çox şiddətli oldu. Şüşə pəncərələr qırıldı. Media haqlı olaraq gənclərin təcavüzkarlığını tənqid etdi. Onlar da haqlı olaraq qəzəbsiz etiraz aksiyası edə bilməyəcəklərini bildirdilər. Bütün başverənlərə baxmayaraq polis, nümayişçiləri döymədi, təpikləmədi, gənc insanlar yerlərdə süründürülmədi. Bizdə bu cür aksiyalar niyə daha şiddətli olur? Daha çətin, daha qarşıdurmalı, daha sancılı? Bu sualı hərə özündən soruşmalıdır. Medianın, siyasətçilərin, şagirdlərin… Amma xüsusilə polis təşkilatının. Deyə bilərsiniz ki: “Yaxşı polisin təhqir edilməsi, söyülməsi doğrudurmu?”Əlbəttə, doğru deyil. Bunu da tənqid edək. Amma unutmayaq ki, biz bərabər güclərdən bəhs etmirik. Böyük bir təşkilatın gücü ilə 19 yaşındakı bir gənc qızın gücü eynidirmi? Tankların, bibər qazlarının, dəyənəklərin danışdığı yerdə sözlər susar. Polis bu aksiyalarda həddən artıq gücdən istifadə etdi. Bu, böyük səhv idi və dərin yaralar buraxdı. İndi bu mövzuda bir açıqlama gözləmək bütün ana və ataların haqqıdır. Dövlət mexanizmi nə qədər demokratik olarsa, küçələrdəki etiraz şəkli də bir o qədər yumşalar. Rəngli, zarafatcıl, şənlikli, türkülü keçər bütün aksiyalar. Qan içində yox. Tələbələrə hirslənə bilərsiniz. Fikirlərinə şərik olmaya bilərsiniz. Amma bunlar bizim gənclərimiz, dostlar! Bu cəmiyyətin övladlarıdır! Yerdə saçlarından tutub sürüklədiyiniz bizim gələcəyimizdir!

Tərcümə: Turxan Qarışqa

Naçxıvan Muxtar Respublikası – İkinci Şimali Koreya

Naxçıvanla bağlı hər dəfə yanımda kimsə danışanda dəhşətə gəlirəm. Üstü bəzək altı təzək sözü Naxçıvan üçün deyilib sanki. Naxçıvan şəhərində gəzəndə hər şey güllük gülüstanlıq kimi görünür. Amma insanların necə itaətdə saxlandığını öyrənəndə başa düşürsən ki, hər şey sadəcə görüntüdür.
Nədən danışım, nədən başlayım bilmirəm. Naxçıvanda hər həftənin şənbə günü bütün müəllimlər iməclik edir, bütün məktəbi təmizləyir, məktəbin bütün “bağbanlıq işləri”ni görür. Fərqi yoxdu, qoca cavan müəllim. Hətta tətillərdə də müəllimləri iməcliyə çağırırlar.
Başqa nədən danışım sizə. Vasif Talıbovun qərarı var ki, Naxçıvanda baş verən heç bir kriminal xəbər “xanlıq”dan kənara çıxmamalıdır. Amma türklər demiş insanların ağzı torba deyil ki, büzəsən.
Təsəvvür edin 10 may 2012-də Naxçıvan kimi kiçik şəhərdə 5 nəfər (3ü qadın, ikisi uşaq) qətlə yetirilib. 25 yaşlı bir qadını, 3 və 6 yaşlı iki uşağı öz xalası qızı vəhşicəsinə qətlə yetirib. Qadını 56 yerindən bıçaqlayıb, uşaqları bıçaqla o qədər oyub ki, bütün orqanları evin içinə tökülüb, ev başdan başa qan içində olub. Hadisənin üzə çıxmasından bir neçə dəqiqə sonra bütün şəhərin bundan xəbəri olub. Amma heç yerdə, nə televiziyada, nə bir mətbuat orqanında bu xəbərə rast gələn olmadı.
Elə həmin gün bir kişi həyat yoldaşının başını kəsərək qətlə yeririb.
Bir kişi də həyat yoldaşı ilə mübahisə edib və mətbəxdən bıçağı götürüb qadına tullayıb. Bıçaq düz qadının şah damarına saplanıb və qadın ordaca keçinib.
Muxtar Respublikadan xəbərlərin çıxmağına icazə verilmədiyi kimi girməyinə də izn yoxdur. Belə bir qərar veirilib ki, respublikaya “Azadlıq” qəzeti gətirilə bilməz. Nə hava limanından, nə də başqa yolla Naxçıvana “Azadlıq” qəzeti keçirmək olmaz!
Başqa nələrdən danışım? 1 ilə yaxındı qərar verilib ki, Naxçıvana başqa yerdə avtomobil gətirmək olmaz. Yalnız Naxçıvan istehsalı maşınlardan istifadə olunmalıdır. Hətta taksi sürücüləri öz avtomobillərini satıb orada “yığılan” maşınları almağa məcbur ediliblər.
Bunlar ən sadə xəbərlərdi. Naxçıvan əhalisi üçün bütün bunlar təəccüblü deyil. Amma mənə görə bunlar Şimali Koreyadakı sistemə yaxın sistemdir.

Sonda bir əhvalat danışım ürəyiniz açılsın:
Müəllimlərdən birinin evinə zəng vurub iməcliyə çağırıblar.
İməcliyə getməmək üçün deyib ki, mən İrandayam. Deyiblər bəs evə zəng vurmuşuq, axı. Qadın duruxub və deyib: Elə indicə qapıdan çıxırdım. Image

“İnsan haqlarını pozanlar, vergidən yayınanlar və fırıldaqçılar, xoş gəlmişsiniz”

“ The Express” qəzeti sonuna qədər haqlıdır. Siz bir təsəvvür edin ki, evinizə bir nəfər gəlib. Varlı adamdır ancaq rüşvətxodu, yalançıdı, ikiüzlüdü, milyonlarla insanın haqqını yeyib varlanıb, hər gün onlarla insan bu adama görə məhv olur. Ailələr, müxtəlif insanlar, körpələr, qocalar hər kəs amma hər kəs bir insana, onun ailəsinə görə min bir əziyyətə düçar olub. Bədbəxt olub. Bu insanın siyasəti nəticəsində müxtəlif insanlar qatil olub, cinayətkar olub, oğru olub, rüşvət alıb, rüşvət verib. Yüzlərlə insan günahsız yerə həbsdə yatıb, milyonlarla gəncin gələcəyi məhv olub. Təhsili əlindən alınıb. Bir ölkənin sərvətlərini talan edib. Və başqa nələr nələr bu adamın üzündən olub.
Həmin adam sizin evə gəlsə ayağının altına qırmızı xalça salarsız? Image

Yaşasın Xalq Cəbhəsi! (fotolar)

Dənizdən ayrı düşsə damla sönər, məhv olar,

Neçə milyard damlada vahid dəniz hökmü var.

Yubanmayın, tez gəlin, ey qeyrəti olanlar!

Barrikadadan gəlir bu gün Türkazər səsi,

Yaşasın Xalq Cəbhəsi!

Image

Qarabağ- ürəyimdir, Şuşa gözüm giləsi,

Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.

Bircə an əl saxlasa min-min Bakı fəhləsi,

Bizə kəc baxanların kəsiləcək nəfəsi,

Dayandır qatarları! Yaşasın Xalq Cəbhəsi!

Image

Mənim Sumqayıtım var, bağrı qaynar cəhənnəm,

Qədim Gəncəbasarın ürəyi qəm, gözü nəm,

Vətənə nicat verən qüvvə yalnız özüməm,

Mənə inanmayanın yerə girsin şübhəsi, 

Yaşasın Xalq Cəbhəsi!
Image

Azərbaycan –aləmin Azadlıq meydanıdır,

Kişi gibi yaşamaq imanıdır, canıdır.

Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır,

Öz canından keçənlər – xalqın zəfər nəğməsi,

Darmadağın edəcək düşməni Xalq Cəbhəsi!

Image

Ön cərgədə addımlar Xəlil, Məhəmməd Əmin

Qəti qələbəmizə o, əmin, biz də əmin.

Dünən yüzdük, bu gün min, sabah əlli min, yüz min,

Milyard üç yüz milyardlıq İslam, Turan ölkəsi

Özü boyda cəbhədir- Yaşasın Şərq cəbhəsi!
Image 

Haray, Sərab, Ərdəbil, haray, Dərbənd, Naxçıvan!

Al, gözümü verirəm, ey ulduzsuz asiman.

Gəlsin kimdə qalıbsa barı yarım damla qan,

Yıxaq, Bayılda çöksün Bastiliya qələsi,

Yaşasın Xalq Cəbhəsi!

Image

 Meydan kabinetində gəbərsin ağnayanlar,

Tank gücünə milləti əsir,qul saxlayanlar.

Öz xalqının əlini, qolunu bağlayanlar

Ən iyrənc bir kölədir, qarı düşmən köləsi,

Vur gəbərsin köləlik, yaşasın Xalq Cəbhəsi!

Image

Ağcigərlər ölüdür, yeddi başı olsa da,

Şərəfsizlər əlindən orden, medal alsa da.

Zəlzələdən güclüdür cərgəmizdə hər səda,

Azadlıq olmalıdır hər cəngin son nəğməsi,

Yaşasın Xalq Cəbhəsi!
Image

Dağ başında bir dağdır Minkənd, Laçın qalası,

Bu ləyaqət, bu cürət əsrlərlə qalası.

Bələnsə də qanına neçə yüz Türk balası,

Azadlığı hansı zor əlimizdən alası?

Oturdacaq yerində Xalqım hər bir nakəsi,

Yaşasın Xalq Cəbhəsi!
 Image

Sular məni aparsa, mən ona sel deyərəm,

Yel palıdı qoparsa, mən ona yel deyərəm,

Zərbi kərən sındıran bir elə el deyərəm.

Yelin, selin, elin də birlikdədir qüvvəsi,

Təpiyinlə əzilsin qoy əqrəblər zümrəsi.

Planeti qoruyur ayıq arslan pəncəsi,

Yaşasın ayıq arslan!

Yaşasın Xalq Cəbhəsi! (Xəlil Rza Ulutürk)

Image

 Image

Azərbaycana yeni tırlar gətiriləcək.

Aldığımız məlumata görə büdcədən ayrılan bir neçə milyon dollar və Heydər Əliyev fondunun dəstəyi ilə ölkəmizə yeni tırlar gətiriləcək. Tırların Almaniyadan gətiriləcəyi söylənilir. Azərbaycan Respublikasının dəyişməz prezidenti İlham Əliyev üstün zəkasını işə salaraq belə qərara gəlib. Yeni tırların alınması iki məqsəd daşıyır. Belə ki, Almaniyanın iqtisadiyyatındakı çöküşü nəzərə alan prezidentimiz bu yolla faşizmin vətəni olan dövlətə yardım etmək istədiyini bildirib. Orada istehsal olunan və satışında böyük problemlər yaranan (alıcısı olmayan) həmin tırları alaraq Almaniyaya böyük dəstək ola biləcəyimiz düşünülüb.
Çoxlu sayda tırların alınmasındakı ikinci məqsəd isə Azərbaycan həqiqətlərinin daşınmasındakı çətinliyi aradan qaldırmaqdır. Azərbaycan həqiqətlərini illərdir öz çiyinlərində daşıyan qeyrətli xanım deputatlarımız, gənclərimiz artıq əziyyət çəkməyəcəklər. Bu tırlar vasitəsilə odlar yurdumuzun həqiqətləri dünyanın dört bir yanına rahatlıqla daşına biləcək.ImageImage

Siyasi partiyaların vəzifələri

Xalqın siyasi iqtidara təsir edə bilməsi və ölkənin idarə olunmasına qatıla bilməsi üçün  vasitə olan siyasi partiyaların əsas vəzifələri:

1) Vasitəçilik – partiyalar xalq ilə iqtidar arasında vasitəçilik edən qurumlardır. Seçkilərdə namizədlərin şəxsi xüsusiyyətləri və gücləri ikinci planda qalır və partiyalar ön plana keçirlər. Seçkilərdə namizədlər deyil, partiyalar önəmlidir. Seçilənlər də xalqın təmsilçisi olaraq bəzi azadlıqlarını itirir və tamamilə mənsub olduğu partiyanın suverenliyi altına girir. Beləliklə xalq ilə iqtidar arasındakı vasitəçilik vəzifəsi, fərdilikdən çıxır və bu işi partiyalar öz üstlərinə götürürlər. Bu vasitəçilik vəzifəsi, seçki mexanizması ilə reallaşdırılır.

2) İdarə etmək – partiyaların vəzifələrindən biri də iqtidara gəlmək, proqramlarında və seçkilərdə söz verdikləri siyasəti  tətbiq etmək və reallaşdırmaqdır. Partiyanın hökumətin üzərində müəyyən təsiri var. Bu mövzuda partiya intizamı, müəyyən bir siyasəti izləmək və tətbiqdə təsirli olmaqdadır.
3) İqtidarı tənqid etmək və nəzarət etmək– Siyasi partiyaların önəmli bir vəzifələrindən biri də müxalifətdə olduğu zaman iqtidarı tənqid etmək və ona nəzarətdir. Bu yolla müxalifət partiyaları, ictimaiyyətə təsir etməyə, vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

(Tərcümə Bəyim Həsənli)

Mehman Hüseynova cinayət işi niyə açıldı? İstintaqda soruşulanlar..

Mehman Hüseynova açılan cinayət işi ilə bağlı iki nəfər dindirildi. Toğrul İbrahim və mən. İkimizi də eyni gün çağırmışdı müstəntiq Müslüm Quliyev. Birinci mənim ifadəmə baş vuruldu. Mənə çağırış vərəqəsi gələndə kiminsə həbs olunacağını anlamışdım. İstintaq zamanı yalnız bircə ad eşidəcəyimi bilirdim. O adın sahibi həbs olunacaqdı. Həmişə özümdən başqa hamı üçün narahat olduğum üçün çox narahat idim. Kimin adı çəkiləcəkdi?
Bəzi proseduralardan sonra mənə 21 may piketində niyə iştirak etdiyim filan soruldu. Cavablarımı verdim, amma yenə də gözlədim adın çəkilməyini.
Müstəntiq mənə bir video göstərdi. Guya bunlar çox əxlaqlı olduğu üçün söyüş eşidilən kimi videonu dayandırdı. Soruşdu ki, sən KİV nümayəndələrindən kiminsə polisə qarşı xuliqanlıq etdiyinin şahidi olmusanmı? Təəccübləndim. Niyə KİV? Cavabım əlbəttə ki “yox” oldu. Müstəntiq izahatımı yazmağa davam etdi. “print” etdikdən sonra, oxuyub imzalamaqçün mənə verdi. Tək kəlməsinə kimi dəqiqliklə oxudum. İzahatda göstərilirdi ki, müstəntiq mənə iki sual verir mən də cavablandırıram. İlk sual və cavab olduğu kimi yazılmışdı. İkinci sualı oxuyanda duruxdum. O ana qədər çəkilməyən ad orda yazılmışdı. Hüseynov Mehman Rafiq oğlu! Duruxdum. Sonra özümü ələ aldım və etiraz etdim. Nə müstəntiq  mənə belə sual vermişdi nə mən ona belə cavab. Mən biraz “deyindikdən” sonra müstəntiq dedi ki, nə qan – qan edirsən? Sonra izahatı dəyişməyə məcbur oldu.
 Mehmanın adını görən kimi onun həbs olunacağını, ən azından “incidiləcəyini” anladım. Duruxmağım da ondan idi.
Keçək əsas məsələyə.  Mənə göstərilən kadrlara. 21 may piketindən olan videoda nə var idi?
AXCP Qadınlar Şurasının üzvü Natavan Səlimzadənin iki “çevik polis” tərəfindən yerdə süründürülməsi, piket iştirakçılarının və jurnalistlərin onun başına yığışması. O sırada polislər jurnalistləri itələyir və söyürdülər. Hətta xatırlayıram xarici jurnalistin az qala fotoaparatını sındıracaqdırlar. Mehmanla bağlı görüntü isə polis tərəfindən çəkilmişdi. Mehman Natavan Səlimzadəni çəkmək istəyərkən polsilər ona icazə vermirlər, itələyirlər. Mehman isə söyür. (İzahatda yazılmışdı ki, söyür və vurur). Təbii ki, onun həbsində, açılan cinayət işində əsas səbəb Mehmanın aktivliyi, jurnalist fəaliyyəti və RATİ (İRFS)- nin “Sing for democracy” layihəsidir.
Ən maraqlısı isə odur ki, polislər bir qadını sürüyürlər. Onun ürəyi gedir, hətta saatlar sonra xəstəxanaya çatdırılır. Amma o görüntülərdə buna fikir verilmir. Mehmanın ağzından çıxan iki kəlməyə görə ona cinayət işi açılır.  Polislər isə özləri üçün “şellənirlər”.
ImageImageElçibəyi xatırladım. O demişdi axı rejim dağılacaq. Rejim artıq dağılır!
 

əə, qoyma üstümə İrasim gəler

Son günlərdə ard arda AXCP Gənclər Komitəsindən hər gün bir nəfərə təzyiq (öz aləmlərində) edirlər. Əsasən də bölgələrdəki gənclərə. Adamların işi gücü qurtarıb bizim atalarımızı idarələrə çağırırlar. Atalarımız da uşaq deyil ki. Ölkəni bizim atalarımız qurub, bunlar alçaqlıqla hakimiyyətə gəlib bizi qorxutmağa çalışırlar guya. Məsələn, mənim atam üçün bunlar ən adi şeylərdi. Anam deməsə heç öyrənməyəcəkdim ki, atamı “uçaskovu” çağırıb. Normal qarşıladım. Amma bir “əmma”sı var. Atama deyiblər ki, qızın İtv-nin qarşısındakı aksiyada iştirak edib. İştirak etsəydim dərd yarı. Heç olmasa desinlər ki, may ayının 25-də “Milli park”da AXCP aksiya etmişdi, qızın da orda idi zad.
Ən adi şeylərdə belə yalançılığa əl atırlar.
Nəysə, ikinci bir məsələ də odur ki, İlham Əliyevə, daha doğrusu pulun “şirinliyi”nə qul kölə olanlar bizdən mərhəmət istəyirlər hər dəfə. Polis tərəfindən saxlanılırsan, idarədə sənə deyirlər. “Ay qardaş (bacı), siz allah qoyun da biz də sakitcə işimizi görək, sizə görə bütün günü bizi işlədirlər. Ya da “ay bacı, bu izahatı zadı tez yazın qoyun gedək evimizə qonaqlarım gəlib” (başıma gəlib). Bir də yaşadığınız ərazidəki polis çağırır və yalvarır ki, elə edin ki, bizim idarəyə söz gəlməsin.
Hətta bizdən hakimiyyəti tezliklər dəyişməyimizi belə istəyənlər var.

Sən də qoşul!

Bu ölkədə əsl insan kimi yaşamaq, hörmət görmək, gecə rahat yata bilmək üçün nə lazımdır? Yalnız cəsarət və çalışmaq! Bəli, bugünkü məqamda bizə cəsarətdən və çalışqanlıqdan başqa heç nə lazım deyil. Cəsarət nümunəsini  biz yaratmışıq. Son aylardakı proseslərə nəzər yetirin, görəcəksiniz. Öncə mitinqlər, sonra piketlər, aksiyalar. Bunlar ardıcıl olaraq hər həftə baş verdi və bizlər bütün bunlarda ən aktiv şəkildə iştirak etdik. Eyni insanlar iki həftə ard arda həbs olundular. Şəhərdən kənarda azadlığa buraxıldılar. Lakin gördüyünüz kimi heç kim bir addımda da geri çəkilmədi. Əksinə, proseslərin necə davam etdiyini, istəklərimizə nail olmaq üçün nələr etmək lazım olduğunu daha yaxşı öyrəndik. İndi isə işimiz əlimizdəki bütün resurslardan maksimum istifadə etməkdən ibarətdir. İnternet, çayxana, universitet, iş yerlərimiz. Hamısı müxtəlif insanlarla doludur və əmin olun ki, onlar da insan kimi yaşamaq istəyirlər.
Bunu həmişə ağlınızda tutun, diktator yanıb, bitib, kül olub. Bircə qalıb külünü havaya sovurmaq. Bunu isə biz etməliyik.
Və sonda bu yazını oxuyan – sən, demokratsan, liberalsan, sağçısan, solçusan, fərq etməz.  Bizə qoşul!