Türkiyənin ən məşhur, haqqında ən çox danışılan televiziya aparıcılarından biri Nevşin Mengü 2017-ci ildə TedX-də özünün necə vegan olması barədə danışıb. Vegetarianlığa və veganlığa münasibətin qəribə olduğunu nəzərə alaraq onun bu barədə düşüncələrini və təcrübələrini sizə təqdim edirəm.
“Mən bu çıxışımda vicdan haqqında danışmaq istəyirəm. Çox güldürməyə bilər, hətta bəzən kədərləndirər, bir az düşündürə də bilər. Bir az öz hekayəmdən, öz vicdanımın təkamülündən danışacağam. Hələ məktəb vaxtlarımdan ət yeməyi dayandırmağa qərar vermişəm. Ət yemək əslində mənə həmişə qəribə gəlirdi. Anası üçün darıxan, arxasınca qaçan, qışqıran və sevilən bir şeyin başını kəsib yemək mənə çox qəribə gəlirdi. Uşaq olanda anam başımı aldadırdı ki, bu toyuqlar onsuz da başsız istehsal olunurlar və sadəcə kəsilirlər. İllərlə məni aldadıblar. Orta məktəbdə “bunların başı var
və kəsilir”i başa düşdüm və ət yeməyi birdəfəlik dayandırdım və bir də heç vaxt ət yemək istəmədim.
Hələ o vaxtlar süd məhsullarını istehlak edirdim, çünki süd məhsullarını istifadə edərkən heç kimi incitmədiyimi düşünürdüm. Hardasa 25 ildir ət yemirəm. Qarşımdakı plastikdir, yoxsa ət mənim üçün heç bir fərqi yoxdur. Lakin, 30 yaşına çatanda insanda başqa dəyişikliklər olur. Yediyin, içdiyin şeylər haqqında daha çox düşünməyə başlayırsan. Süd məsələsi məni düşündürməyə başladı. Süd ağappaqdır, təmizliyin simvoludur filan. Həqiqətən elədir, yox? Bir az bu mövzu ilə bağlı oxumağa və
araşdırmağa başladım və südün əslində qorxunc bir şey olduğunu öyrəndim. Biz hamımız məməli heyvanlarıq. Yeni ana olmayanlardan başqa heç kimin südü yoxdur elə deyilmi? Bu bütün məməli heyvanlara aiddir. Əslində çox adam bunu bilmir, elə bilirik ki, inək və ya qoyun doğulduğu gündən bəri süd verməyə başlayır. Amma elə bir şey yoxdur! Normal inək də, qoyun da dişiləri hamilə qalandan sonra uşaqlarını yedizdirmək üçün süd istehsal etməyə başlayırlar. Hazırda dünyada sənaye
heyvandarlığı hökm sürür. Bu zavallı heyvanlar da insanlar kimi bir birilərini bəyənirlər və ya dava edirlər, cütləşirlər, hətta deyərdim sevirlər. Təbii ki, fermalarda yetişdirilən heyvanların belə bir şansı olmur. Onların bu hüquqları əllərindən alınıb. Amma yenidən xatırlayın axı onlar canlıdırlar və qorxu hissləri də var. Məsələn, ildırım çaxanda qorxurlar, sevirlər, dava edirlər və s. Amma fermalarda onların heç nəyə haqqı yoxdur. Dişi heyvanlar balalasın deyə zorla cütləşdirilir, yəni onlara təcavüz
edilir və təcavüzdən doğulmuş uşaq əllərindən alınır. Çünki o südü heyvanın uşağı yox insanlar içməlidir və təsəvvür edin bunlar milyonlarla heyvanlara daima edilən zülmdür. O zavallı heyvanlar başqa yemlərlə qidalanırlar, ana südü ilə yox. Analarından ayrılırlar və bir də heç vaxt görmürlər amma əslində onların da anaya ehtiyacı var. Dar yerlərdə qəribə yemlərlə böyüdülürlər. Erkəkləri isə onsuz da dana olan kimi başını kəsib öldürürlər ki, insanlar yesin. Kəsəsi, mən bunları dərk etdikcə
süd məhsullarını istifadə etməyi də dayandırdım və vegan oldum.
İnsanlar veganlarla qəribə davranırlar. Çox təəccüblənirlər, gülməli suallar verirlər. “Nə yeyirsən? Proteini hardan alırsan? Proteinsiz yaşamaq olmaz!” və s. Mən bu protein dəliliyini başa düşmürəm. Protein bir çox bitkilərdə də var və əslində insan bədəni üçün bundan artığına ehtiyac yoxdur. Paxlalı bitkilərdə, tez tez yediyimiz mərciməkdə, kartofda və s. bir çox tərəvəzdə protein var. İnsanlar elə bilirlər ki, protein
olmasa öləcəklər. Mənə verilən ən qəribə suallardan biri də budur: nə yeyirsən? Başa düşə bilmirəm ət və süd məhsullarından başqa yeyiləcək heç nə yoxdur? Mənim tərəvəzlər, göy-göyərti yeməyim daha qəribədir yoxsa milyonlarla canlının bir fermada, zavodda bütün həyatını həbsdə keçirməyə məcbur edib sonra başlarını kəsmək? Mən ancaq tərəvəz və taxıl yeyəcəm demək daha anormaldır? İnsanın ehtiyacı olan hər şey meyvə tərəvəzdə, taxılda var lakin insanlar elə bilirlər ki, ət yeməsələr öləcəklər.
Başqa bir arqument də var ki, şir, pələng də ət yeməsin? Ay insanlar, onlar o ət üçün mübarizə aparırlar, onu ovlayırlar. Bizim kimi fabrikalar qurub heyvanlara işgəncə vermirlər. Sən balaca bir quzunu başını sığallayaraq böyüdürsən, onunla dost olursan, o sənə güvənir və bir gün onun başını kəsəndə səndən qorxmur, qaçmır, sənin ovçu olduğunu bilmir.
Təbii ki, təbiətdə bir döngü var amma indi bizim qurduğumuz dünyada yoxdur. Biz sadəcə digər canlıların yaşayıb yaşamayacağına qərar veririk. Bəs hansı haqqla qərar veririk? Biz daha güclüyük deyəmi belədir? Bəs onda hüquq nə işə yarayır? Güclü bir insan zəif bir insanın yaşamamağına qərar verərsə nə baş verəcək? Onda qarşımıza hüquq çıxır. Deməli hüquq sadəcə bəzi canlılar üçündür və buna da biz qərar vermişik.
Gəlin qəbul edək ki, bu qərar ədalətsizdir. Bəşər övladı ət yemədən yaşaya bilər buna milyonlarla nümunə var məsələn Hindistanda.
Mən bu məsələni vicdan təkamülü olaraq görürəm. Əsrlər əvvəl insanları rahat şəkildə öldürürdülər və ya kölə edə bilirdilər. O zamanlar üçün bu normal idi. İnsanları alıb satırdılar və s. Çünki o zamanlar insan vicdanı da, hüquq da belə işləyirdi. İnanıram ki, hüquq inkişaf etdiyi kimi insan vicdanı da təkamül edəcək və bir gün başqa canlıların başını kəsmək cinayət hesab olunacaq. İnanıram ki, yüz il sonra bizim indi etdiklərimizə baxıb necə də vəhşi olduğumuzu fikirləşəcəklər. Mənim təbliğat aparmaq
kimi bir fikrim yoxdur. Sadəcə istəyirəm ki, iki dəqiqə də olsa bu haqda düşünəsiniz. Amma çox ümidliyəm ki, nə vaxtsa biz bu vəhşilikdən əl çəkəcəyik”.
Tərcümə: Bəyim Həsənli