Baku-2015 \ Ağ yalanlar, qara günlər.

Boş verin Mirşahinin “Hesabat”ını, 2015-in əsl hesabatı budur..

 

Yanvar ayının ilk günlərində AXCP Gənclər Komitəsinin üzvü, tələbə Elvin Abdullayev narkotik ittihamı ilə şərlənərək həbs edildi. Cəmi 6 ay sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Elvinə 6 il həbs cəzası verdi. Gələcəyin tarixçisi tarix yazmaqdadır.

Yanvar ayının sonlarında jurnalist, AXCP sədrinin müavini Seymur Həziyə Abşeron Rayon Məhkəməsində hökm oxundu, 5 il azadlıqdan məhrum edildi.

ilham5
Fevral ayının ilk günlərində Şəmkir icra başçısı Aslan Aslanovun oğlunun və özünün vəhşilikləri Lamiyə Quliyevanın həbsxanada hamilə qalması ilə gündəmə gəldi. Lamiyənin keçmiş nişanlısı Vüqarın əlyazmasından bəlli oldu ki, Aslan Aslanovun oğlu Lamiyənin, özü isə Vüqarın hətta onun qohum əqrabasının başına hansı bəlaları gətirib.

13 fevral 2015-ci il xatirimizdə AXCP üzvü, Qarabağ Qazisi Qadir Xudabaxşıyevin şərlənərək həbs olunması ilə qaldı. İlham Əliyevin hər gün Qarabağdan yazmağına baxmayın. Qarabağ üçün canından keçənlər ya intihar edirlər, ya da həbs edilirlər.

ilham13

Və o unudulmaz gün! “Qara şənbə” 21 fevral 2015-ci il.
Gecə ilə Azərbaycan xalqının kütləvi şəkildə qarət edildiyi o gün. Manatın 30 faizdən artıq ucuzlaşması, banklarda əmanətləri olanların 1 milyard itirməsi, dayanmaq bilməyən sürətli bahalaşmanın başlanması.
2 mart 2015-ci il jurnalist Elmar Hüseynovun güllələnməsinin 10.cu ildönümü..

12 mart Milli Şura sədri Cəmil Həsənlinin səhifəsinin sındırılması..

12 aprel penoplatsr üzlüklü binada yanğın çıxdı. Onlarla insan yaralandı, onlarla ailə evsiz qaldı. Bu həm də yanğınların davam edəcəyinin siqnalı deyildimi? Heç bir tədbir görülmədi ta ki, onlarla insan həyatını itirənədək…

ilham6

 

16 aprel hüquq müdafiəçisi Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi..

22 aprel Azərbaycanda hüquqçuluğun inkişafı üçün həyatını ortaya qoyan, peşəsi ilə dünyanın hörmətini qazanan, dünyanın ən gözəl insanlarından biri İntiqam Əliyevə 7 il 6 ay həbs cəzası verildi..

ilham10

Neftin qiyməti düşür, 33 faizlik ağır devalvasiyadan sonra belə 10 mayda saxta “Gül bayramı”na yenidən milyonlarla manat büdcədən silindi, göylərə sovruldu.

14 may – AXCP Mətbuat Xidmətinin rəhbəri, Rəyasət Heyətinin üzvü Natiq Ədilovun qardaşı, 3 azyaşlı uşaq atası Murad Ədilova 6 il həbs cəzası verildi..

19 may- o müdhiş gün. Cəmi 1 ay öncə təhlükənin siqnalına qulaqlarını tıxayan hökumətin əsəri. Binəqədidəki, ciyərlərimizi yandıran dəhşətli cinayət hadisəsi baş verdi. 16 nəfər həyatını itirdi, 64 nəfər xəsarət aldı.

ilham11
İlham Əliyevin twitterdə ən çox yazdığı məsələ Ermənistanla olan problemdir. Amma Bakı 2015- Avropa Oyunları adlı möhtəşəm korrupsiya “oyunlarında” Ermənistan bayrağını Bakıda dalğalandırdılar. Erməni idmançılara da Qarabağ qazilərinin boğazından kəsdikləri pulları yedirdilər.

İyun ayı başdan başa faciədir zatən. Büdcədən 8 milyard pul silindi, nə qədəri ciblərə getdi bunu bir Allah bilir, bir də özləri. Azərbaycanı dünyaya tanıtmaq adı altında ölkənin iqtisadiyyatının çökməsini sürətləndirdilər. “Bakı – 2015” necə qorxulu şüar idi!
Faciələr bitmədi təəssüf ki..

Rayon maşınlarının Bakıya girişi qadağan olundu. Necə də utancverici diskriminasiyadır.

30 iyul – Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü, hüquqşünas, bloqçu Asif Yusifli bu gün tamamilə qondarma olan ittihamla, əslində isə siyasi fəaliyyətinə görə 7 il yarım müddətinə azadlıqdan məhrum edildi.

9 avqust – diktaturanın daha bir qurbanı- jurnalist Rasim Əliyev döyülərək öldürüldü.
13 avqust – Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus müvafiq olaraq 8.5 və 7.5 il müddətinə azadlıqdan məhrum edildilər. Hər ikisinin də səhhəti ağırlaşdığından bir neçə ay sonra azad edildilər.

Avqust ayının sonrlarında Mingəçevir polis idarəsində 27 yaşlı Bəhruz Hacıyev döyülərək öldürüldü.
Mingəçevirlilər etiraza qalxdı. Dinc etirazçıların üstünə qoşun yeridildi, 20-dən çox etirazçı həbs olundu.
1 sentyabr – peşəkarlığı ilə dünyaca məşhur araşdırmaçı jurnalist Xədicə İsmayıla hökm oxundu, 7.5 il müddətinə azadlıqdan məhrum edildi.

15 sentyabr – kasıbçılıq ucbatından 12 yaşlı İsmayıllı sakini İsmət intihar etdi..

1 oktyabr – AXCP sədrinin müşaviri Məmməd İbrahim şərlənərək həbs olundu..

13 oktyabr – yazıçı, jurnalist Günel Mövludun iki qardaşı şərlənərək həbs olundu.

1 noyabr – Azərbaycan tarixinin ən biabırçı seçkisi “Parlament seçkisi” keçirildi.

15 noyabr – MTN generalı Akif Çovdarov həbs edildi.
ilham4

19 noyabr – AXCP Naxçıvan şöbəsinin fəalı Zeynalabdin Bağırzadə şərlənərək həbs olundu.

26 noyabr – Azərbaycan tarixinə qanlı, utancverici bir gün olaraq yazıldı. Nardaranda dinc əhaliyə silah çevrildi, 6 nəfər dünyasını dəyişdi, onlarla insan həbs edildi.
Nardaran kəndi günlərlə blokadada qaldı, soyuq qış günlərində zatən qaz verilməyən kəndin işıqları da kəsildi. Qətlə yetirilənlərin cansız bədənləri günlərlə aiələrinə təhvil verilmədi.
Nardarandakı həbslərdən sonra Gəncədə də dindarlar həbs olundu.

 

4 dekabr – Azərbaycan tarixinə neftlə yazılan qara günlər başladı. “Günəşli” neft yatağında başlayan yanğın günlərlə davam etdi. 32 zəhmətkeş neftçi dünyasını dəyişdi.

 

8 dekabr- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı şərlənərək həbs edildi. Haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçildi.

 

21 dekabr- İkinci möhtəşəm devalvasiya. Manat yenidən 50 faizədək ucuzlaşdı. Şirkətlər, dövlət qurumları bağlandı. İşsizlik sürətlə artdı, artır.. Ölkədə istehsal olunan, idxal olunan hər şeyi qiyməti 50 faizədək (bəzən daha çox) bahalaşdı…

 

Bu il ərzində onlarla əsgərimiz hərbi xidmətdə öldü, öldürüldü, intihar etdi.
Onlarla vətəndaş işsizlikdən, kasıblıqdan, kredit borclarından intihar etdi..

 

 

 

Hacı Talenin həbsinin ardından..

“Yatanı oyatmaq asandır, özünü yuxuya vurmuşu isə müşkül”

 

Ömür boyu elmin vacibliyindən danışanların bir hissəsi Nardaran hadisələrinə ən radikal islamçıdan da radikal münasibət bildirdilər. Təssüfedicidir. Bəzən fikirləşirəm ki, ya biz özümüzü düzgün izah edə bilməmişik, ya da qarşımızda əlikitablı korlar dayanıb.
İllərdir demokratik dövlət, azad cəmiyyət üçün mübariə aparan insanların istəklərinə gözardı yanaşmanın nəticəsi də ola bilər. Bəziləri bizi ittiham etdi ki, siz İlham Əliyevin devrilməyi üçün hətta radikal müsəlmanları da dəstəkləyirsiz.
Təəssüfedici həm də odur ki, bu insanlar bizim danışdığımıza kar, yazdığımıza kordular.
Məsələn dünən öz facebook səhifəmdə dəfələrlə statuslar yazdım, bir çox müzakirələrdə iştirak etdim. Amma gördüm ki, “Nardaranlıları Azərbaycandan kürüyüb atmaq lazımdır” deyənlər polemika zamanı qarşı tərəfin yazdıqlarını oxumur, yalnız öz düşündüklərini yazırlar.
Axı çox aşkar dedik ki, biz dini radikallığı yox, azadlığı müdafiə edirik. İnsanın yaşamaq, ibadət etmək, etiraz etmək hüququnu müdafiə edirik.
1948-ci ildə qəbul edilən “İnsan haqqları bəyənnaməsi”nin təməlini yaşamaq haqqı və azadlıq təşkil edir.
Heç kimin adından danışmamaq üçün yazıma “mən”lə davam etmək istəyirəm.
Mən Nardaran hadisələrinə şərh verərkən orada öldürülən 6 insanın ən təməl haqqını, yəni yaşamaq haqqını müdafiə etmək istəyirdim. Sekulyarlıqdan, demokratiyadan və başqa gözəl dəyərlərdən danışan insanlar isə təxminən eyni şeyi deyirdilər: Bəli o insanlar ölməməli idi, amma…

Yaxşı bir söz var ki, cümlədə “amma”dan əvvəl deyilən bütün sözlər dəyərsizdir.
Nardaran hadisələrində DİN-in o insanların polisə silahlı müqaviməti ilə bağlı heç bir sübut ortaya qoymadığı halda jurnalistlərin çəkdiyi videogörüntülər nardaranlıların yalan danışmadığını sübut edirdi. Halbuki, DİN-in əməliyyat zamanı çəkdiyi videolar da ortaya qoyulmalı idi.

Nardaranlılar deyirlər ki, polislər mebel və zibil maşınlarında kəndə giriblər və atəş açaraq Hacı Tale və digər dindarların olduğu evə daxil olublar. Atəşlər nəticəsində onlarla insan yaralanıb, 4 kənd sakini, 2 polis dünyasını dəyişib.
Gün kimi açıq görünən hadisələr sizin emosional və bir o qədər də mənasız şərhlərinizə görə yenidən və dayanmadan müzakirə mövzusu kimi davam edir.

Hacı Tale Bağırzadə facebookda bir şərhində qeyd edib ki, biz Azərbaycanda azad seçkilərin keçirilməyini istəyirik.
Əgər sizin dediyiniz kimi fərz etsək, yəni Hacı Talenin şəriət hökuməti qurmaq istəyi olduğuna görə hökumətin bu terrouna məruz qaldığına inansaq o zaman başqa suallar çıxır ortaya.
Hacı Tale 2011-ci ildə hicab aksiyası zamanı həbs olunub, 1.5 illik həbsdən sonra azadlığa çıxıb. 2013-cü ildə yenidən həbs olunub, bu dəfə isə tamamilə başqa bir maddə ilə, narkotik saxlama maddəsi ilə 2.5 il həbsdə olub. Ümumilikdə 4 illik həbs həyatından sonra son günlərə qədər dəfələrlə Baş Prokurorluğa çağrılıb. Tale Bağırzadə heç vaxt bu çağırışlardan yayınmayıb. Demək ki, onu həbs etmək üçün silahlı basqına ehtiyac yox idi.

Bizim davamız budur. Açıq aşkar görünür ki, bu basqın bilərək-istəyərək hökumətin törətdiyi terror hadisəsi idi. Tale Bağırzadə və başqa bir neçə dindarı həbs etmək, 16 maddə ilə ittiham edib ömürlük həbsdə saxlamaq üçün 6 can getdi, 6 ailə gözüyaşlı, neçə-neçə uşaq yetim qaldı.

Bundan əlavə faktlar var ki, hökumətin facebook muzdurları 4-5 gün əvvəl saxta profillərlə nardaranlı Facebook istifadəçilərinin profilini ələ keçirməyə cəhd edilib. Çünki hadisə olan günü o saxta profillərdən guya Nardanar sakiniymiş kimi statuslar yazıldı. Statusda deyilirdi ki, Hacı Talenin saxlanıldığı bölməyə qumbara atacağıq, bu dəfə daha çox polis öləcək. və s.
Digər tərəfdən bu o hökumətdir ki, istədiyi hər kəsin evindən hər şeyi,hətta  tikili cibdən qumbara belə çıxarıb. Jurnalist Elmar Hüseynovu evinin qarşısnda güllələtdirib. Gülər Əhmədova olayındakı Sevinc Babayevanı açıq aşkar zəhərləyərək öldürüb. Daha onlarla, yüzlərlə siyasi və qeyri-siyasi cinayətlərə imza atıb.
Az çox Qərbin dəstəyini görən müxalifləri, qht nümayəndələrini, hüquq müdafiəçilərini, jurnalistləri şərləyib həbs edib. Qərbin dəstəyindən də məhrum olan və ona müxalif olan müsəlmanları öldürməkmi çətindir bu hakimiyyət üçün?

Zatən bu xalq nə Elmarın hesabını sordu, nə saxta parlamentə etiraz etdi, nə bir gecədə dolların qalxması ilə talan olunmağına səsini çıxardı. Hakimiyyətin günahı ucbatından binada yanaraq, boğularaq ölən onca insanın haqqını axtarmayanlar müsəlmanların dərdinəmi yanacaq? Zatən çörəklə, həbslə, döyülməklə sınağa çəkilən xalqın hələ ki, etiraza gücü yoxdur. Bir neçə nəfəri ömürlük həbsxanada saxlamaq üçün 6 canı gözqırpmadan öldürən hakimiyyətə hansı xalq etiraz edəcəkdi?

İlham Əliyev bunların hamısını yaxşı bilirdi və istədiyini etdi. Hələ ki, qələbə onundur. Bu çörəyə siz də yağ sürtdünüz.

Yaza bilməmək..

2011- ci il idi. İyul ayında Səbail Rayon Məhkəməsinin qarşısında bir bloq yazısı yazdım. Yazının adı “Mən yay tətilimi necə keçirdim” idi. 2011-ci ilin yayını xatırlayanlar bilirlər. Tətilimiz məhkəmələrin qabağında polislərlə, içində hakimlərlə döyüş şəraitində keçmişdi. Təbii ki, o döyüşdə biz itkilərlə çıxdıq. Onlarla insan ömrünün bir neçə ilini həbsxanalarda keçirdi.
Bu yazımda siyasi məhbuslardan yox Azərbaycanın təhsil sistemindən və ya uşaqların yay tətilindən qısaca danışmaq istəyirəm. “Mən yay tətilimi necə keçirdim” adlı yazım bloqumda ən çox oxunan yazıdır. İllərdir oxucusu azalmır, artır. Səbəbi o qədər ürəkağrıdıcıdır ki. Bu yazını əllərimi əsdirə-əsdirə yazdıracaq qədər ağırdır.
Yazımın çox oxunma səbəbi onun adı ilə bağlıdır. Hər il sentyabr ayında yazıya minlərlə baxış olur. Məktəblilər “Google”da yay tətili inşası axtarırlar və mənim yazım çıxır axtarış sistemində. Oxuyurlar, bilmirəm başa düşürlər ya yox. Bəzən şərh də yazırlar ki, axı mən normal yay tətili inşası axtarıram.
Təəssüfləndiyim isə odur ki, 21-ci əsrdə azərbaycanlı şagidlər öz yay tətilləri ilə bağlı 5 cümləlik inşa yaza bilməyəcək vəziyyətdədirlər. Heç cürə ağlıma sığışdıra bilmirəm ki, axı milyardlarla pulu olan, neft ölkəsi deyib öyündükləri, 24 illik müstəqil olan bir dövlətin uşaqları necə bu qədər savadsız, necə bu qədər aciz ola bilir.
Təhsil almaq üçün Polşaya gəlmişəm və bəzən məndən soruşurlar ki, niyə oxumaq üçün bura gəlmisən? Onlara necə izah edim ki, bizdə vəziyyət budur. Bizim məktəblər inşa yazmağı yox, rüşvəti necə almağı, necə verməyi, necə arsız olmağı öyrədir? Necə izah edim ki, mən ibtidai sinifdə kasıb olduğum üçün müəllim tərəfindən həmişə əzilirdim. Necə başa salım ki, müəllimlərimizin gözü bizim dəftər kitabımızda yox, valideynlərimizin cibində idi. Çox çətindir başa salmaq ki, mənə dərs deyən müəllimlər bir neçə il sonra seçkini saxtalaşdırmaq üçün gözümün qabağında min oyundan çıxırdılar…

Seymur Həzinin məhkəməsindən qeydlər..

Seymur Həzinin məhkəməsi əməlli başlı komediya idi. 3 polis dindirildi, hamısı ayrı hava çalırdı, hələ yazdıqları ifadələr isə tamamilə ayrı.
Həmçinin Seymur bəyə hücum edən Məhərrəm Həsənov isə heç nə danışmaq istəmirdi. Dövlət ittihamçısının bütün suallarına, “ifadəmdə yazmışam” cavabını verdi. Gələn seriyada onun ifadəsinin yalan olduğu üzə çıxacaq. Seymur bəyin vəkillərinin suallarından belə aydın olurdu.
Hakimə xanım (:D) isə lap boş bikardır. Elə bil qonşuları yığıb bozbaşı necə bişirməyindən danışır. Qeyri-ciddiliyindən bəlli olurdu ki, bu məhkəmə onu maraqlandırmır. Sonunu bildiyi film kimi baxmaq istəmir.
Vəkil hər dəfə “prokuror” deyəndə hakim zarafata salıb deyir ki, prokuror yox dövlət ittihamçısı. Sanki bu qədər adam ora yığışıb ki, qərar versin “prokuror ya dövlət ittihamçısı” :))))
Ən gülməlisi isə odur ki, ortada bir cinayət var və zərərçəkmiş yoxdur.
Guya Facebookda Seymur bəyin cavab yazmadığı Məhərrəm Həsənov da Seymur Həzi kimi təqsirləndirilən tərəfdir. Amma ortalıqda zərərçəkmiş tərəf yoxdur. Seymur bəyin vəkillərinin “Hər iki tərəf həm də zərərçəkmiş kimi tanınsın” vəsatəti dövlət ittihamçısı tərəfindən dəstəklənsə də xanım hakimin yadına düşdü ki, boşbaş üçün ət lazımdır, müşavirəyə gedib “yuxarıların” qərarı ilə qayıtdı və vəsatəti təmin etmədi.

Növbəti serialarda görüşmək üzərə!.. seymuru

İntiqam Əliyev olmaq

aliyev

aliyev1Bu yaxınlarda xeyli intellektli bir dostumla söhbət edirdik. Dostum deyir ki, heç nəyə arxalanmaq olmaz. İnsan yetişdirmək lazımdır, insan..
İnsan yetişdirmək necə olur? Oxumağa təşviq etməklə, həqiqəti öyrətməklə, doğrunu aşılamaqla. İnsan yetişdirməyin ən gözəl yolu isə insan olmaqdır.
Vicdanı ilə işıq saçan bir insan.
İntiqam Əliyev o insanlardandır ki, vicdanı ilə, peşəsinə, insana, hüquqa hörməti ilə işıq saçır. İntiqam Əliyev insanlığı ilə insan yetişdirir.
Onlarla insandan eşidə bilərsiz desin ki, İntiqam müəllim mənə həmişə xoş sözlər deyirdi, get xaricdə oxu, sonra ölkəyə qayıt deyirdi.
İntiqam Əliyev o insandır ki, səhhətinə belə vaxt ayırmadığı halda gəncləri oxumağa, yararlı, savadlı insan olmağa vadar edirdi. Yazırdı. Daima problemlərimizlə məşğul idi. Yalnız hüquqi yox, hətta şəxsi problemlərimizin olduğunu hiss edəndə bizə dəstək olurdu, mənəvi rahatlıq tapırdıq.
Ümumi danışmayacam. İntiqam müəllimlə xüsusi bir yaxınlığım olmasa da mənə o qədər dəstək olub ki, yüz il də yaşasam ona bu möhtəşəm yaxşılığının əvəzini verə bilmərəm.
Universiteti bitirdim. Beynəlxalq münasibətlər oxudum. Amma özümü tapa bilmədim. Mən nə olacam? Nə olmaq istəyirəm? Özümü tapa bilmirdim.
İntiqam müəllim mənə təkidlə xaricdə oxumağı məsləhət görürdü. O qədər təəccüblənirdim ki. Axı, niyə bu insan mənimlə bu qədər maraqlanır?
Təkcə mənimlə deyilmiş..
Nəhayət, mən özümü tapdım. Onun sayəsində, nə olacağıma, necə yararlı ola biləcəyimə qərar verdim. Bəli, mən onun kimi olmaq istəyirəm. Vicdanı ilə işıq saçan bir hüquqşunas olmaq istəyirəm. Mən onun tələbəsi olmaq istəyirəm.
And içdim, özümə və ona söz verdim.Ya bu gün, ya sabah, ya da 10 il sonra, onun tələbəsi olacağam.
İntiqam Əliyev o qədər xoşbəxt insandır ki, onun tələbəsi olmaq üçün and içən insanlar var.
O, o qədər xoşbəxtdir ki, yüzlərlə insan bütün qəlbi ilə onun azad olacağı günü gözləyir, onun səhhəti ilə maraqlanır, narahat olur, dua edir.
İlham Əliyev milyard manatlarını versə, onun qədər sevilə bilərmi?

İlham Əliyevin İŞİD-ə işi düşərsə..

Milli Şuranın “Azad et” mitinqi hakimiyyətə gözəl bir mesaj verdi: Azərbaycan xalqı oyaqdır!
Düzdür meydan onminlərlə insan tərəfindən doldurulmamışdı. Amma nəzərə alınmalıdır ki, bu il seçki ili deyil. Ötən ilki mitinqlərdə televiziyadan mitinq elanı səsləndirilirdi, bu il isə yalnız internet və “Azadlıq” qəzeti vasitəsilə mitinq olacağı haqqında məlumatlar yayılmışdı. Bütün bunları nəzərə alaraq mitinq çox yaxşı qiymətləndirilməlidir.
Əslində mitinqdə insanların sayı yox, mitinqin mahiyyəti və məqsədi daha çox müzakirə olunmalıdır.
Bütün bunları bir qırağa qoyaq. Gəlin bunu müzakirə edək ki, hakimiyyətin “900 nəfər gəlmişdi” dediyi mitinqlə bağlı əvvəl və sonrakı planları nə idi?
Birincisi, Milli Şura mitinq qərarı verən kimi İlham Əliyev yenidən Hafiz Hacıyevdən istifadə etməyə başladı. Hacıyev özü kimi oyuncaq media orqanlarına açıqlamalar verirdi ki, mitinqdə qan salacaq. Əvvəlcədən insanları qorxutmaq istədilər. Alınmadı.
Mitinq başlamazdan əvvəl heç kimi meydana buraxmadılar. Bomba var imiş. Mitinq meydanında bomba var imiş və axtarış apardılar. Axtarış nə axtarış, itlər, dedektorlar və s. Sizi əmin edirəm ki, İŞİD ora gəlib hamımızın başını kəsmək istəsəydi İlham Əliyev özü şərait yaradardı.
Nəysə, beləcə bomba panikası ilə insanları qorxutmaq istədilər, alınmadı.
Mitinqimiz başladı və bir neçə dəqiqə sonra İŞİD bayrağı ilə meydana bir neçə nəfər daxil oldu. Mitinq iştirakçıları tərəfindən zərərsizləşdirilib polisə təslim edilər provakatorlar polis tərəfindən yenidən meydana buraxıldı. Orada olan vəkillərdən birinin dediyinə görə, bayraqla gələnlərdən biri “ştatlı” üzəduran imiş. Yəni İŞİD provakasiyası da alınmadı.
Son olaraq mitinqə qara yaxmaq üçün hökumət mediasında mitinqlə bağlı yalnış xəbərlər, pis fotolar paylaşıldı. Mitinq gözdən salmağa çalışıldı. Bu da alınmadı.
Unudurlar ki, onların bu saxta xəbər orqanlarını heç kim oxumur.
Milli Şuranın “Azad et” mitinqi haqqında məlumatı bir neçə saat içində 40 minə yaxın insan “Azadlıq” qəzetindən oxuyub.
Yuxarıda “xalq oyaqdır” deyəndə həm də bunu nəzərdə tuturdum. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, cib müxalifətini də tanıyır, hakimiyyətin bütün saxtakarlıqlarını, rüşvətxorluğunu, korrupsionerliyini yaxşı bilir. Sadəcə xalqın üstündəki o xofu dağıtmaq biraz vaxt aparır. Bəli, cənablar, o xof dağılanda, mitinq xəbərini acgözlüklə oxuyan o onminlərlə insan meydana gələcək.
Azərbaycanda iqtidar bütün dünyanın lənətlədiyi İraq Şam İslam Dövlətindən (İŞİD) istifadə edəcək qədər aciz və bir o qədər də əxlaqsız insanlar tərəfindən qəsb olunub.
Son olaraq onu deyim ki, müxalifəti təhqir etmək üçün maaş alan əxlaqsızlar, o qədər qanmaz, o qədər pul hərisidirlər ki, jurnalist İslam Şıxəlinin məzələnmək üçün “İŞİD üzvü” olmağı ilə bağlı yazdığı informasiyanı, müxalifətin əleyhinə istifadə etməyə çalışdılar və lağ obyektinə çevrildilər.
Yəni ki, alınmadı İlham Əliyev, alınmadı.

Kiminlə mübarizə aparırıq?

Azər Ayxan yenə yazı yazıb. Sözdə yazıdı amma təhqirlə, ittihamla yazılmış qaralama da demək olar.

Azər Ayxanın, Rauf Arifoğlunun yazılarında, düşüncələrində hər şey səhvdir. Amma onlar ən böyük səhvi başqa yerdə edirlər.

Elə bilirlər ki, biz cəbhəçilər onlarla mübarizə aparırıq. Yanılırsınız. Siz özünüzü bu ölkəni ələ keçirmiş mafiya ilə bir tutmayın. Biz hakimiyyətin xırda nümayəndələri ilə mübarizə aparırıqmı? Məsələn, polislə mübarizə apardığımızı görmüsünüz? Ya da saxta hökm çıxaran hakimlərlə?

Ölkəni bu hala salan, xalqı, sərvətləri talayan İlham Əliyevdi, Ramiz Mehdiyevdi və başqa özünüz tanıdığınız bir neçə nəfərdi. Cəbhəçilər ölkəni ölkə halına salmaq üçün mübarizə aparırlar. Ömrünü gününü bu insanlarla mübarizəyə qurban verirlər. Sizcə, sizinlə mübarizə aparmağa dəyərmi?  Sizi maşa kimi istifadə edənləri devirmək üçün sizinlə mübarizə aparmağa dəyərmi? Heç görmüsünüzmü ki, JEK müdürü ilə mübarizə aparaq? Ya da hansısa icra hakimi ilə? Hakimiyyətin daha çox pul yığmaq üçün istifadə etdiyi insanlarla mübarizə aparacaq, bu işə ömrünü qoyacaq adamlar deyilik biz.

Hər şeydə yanılırsız, amma bunda daha çox.

Müharibə olmasa..

Müharibə haqqında yazı yaza biləcək ən sonuncu adamam bəlkə də. Müharibə görməmişəm, ailəmdən, qohumlarımdan heç kim müharibədə həlak olmayıb və s. Amma insanın nə isə haqqında fikirlərinin formalaşması üçün başqa faktorlar da rol oynayır. Oxuduğumuz kitablar, izlədiyimiz filmlər və s.
Müharibə ilə bağlı çox film izləməsəm də, bir neçə kitab oxuduğumu deyə bilərəm. Əslində Azərbaycan filmləri də müharibənin soyuq üzünü çox gözəl göstərir. “Fəryad”, “Şərikli çörək” filmlərinə baxıb az ağlamamışıq.
Məncə, müharibənin iki soyuq üzü varsa biri aclıq və səfalətdir. Yeməklərin “kartiçka” ilə paylanılması, pulun dəyərini itirməsi, yarı-ac yarı tox bir həyat. Heç kimi bunu istəməz.
Müharibə haqqında təəssüratlarımı, müharibəyə nifrətimi böyük alman yazıçısı Erix Maria Remarka borcluyam. Birinci Dünya Müharibəsində iştirak etmiş yazıçının yaradıcılığının əsasını müharibə dövrü və müharibədən sonrakı illər, insanların hissləri, düşüncələri, müharibədə iştirak edənlərin cəmiyyətdən necə təcrid olunmağı təşkil edir.
Remarkın həyatı haqqında oxudum və gördüm ki, romanlarında daha çox öz başına gələnlərdən yazıb. Məsələn, “Dönüş Yolu” romanının qəhrəmanı Ernst onun prototipidir. Müharibədən qayıdandan sonra yarımçıq qalmış təhsilini tamamlayır və müəllim kimi kənd məktəbində işləyir.
Əgər öz həyatını Ernstin həyatında canlandırıbsa, deməli Ernstin hisslərini də yaşayıb deyə düşündüm.
Müharibədə iştirak etmiş bir gəncin o hissləri yaşaması (oxumaq lazım) müharibənin nə dərəcədə böyük bir vəhşilik olduğunu sübut edir.
Remark Erstin dili ilə yazır ki, sülh imzalanandan sonra evimizə qayıdanda amerikalı əsgərlərlə üz-üzə gəldik. Bir birimizə yaxınlaşdıq. Söhbət elədik. Biz bir-birimizi niyə öldürdüyümüzü bilmirdik.
Müharibənin ən soyuq üzü elə budur yəqin ki. Tanımadığın insanların qatili olmaq.
Remark yazırdı ki, biz əslində özümüzə qarşı vuruşurduq. Atdığımız hər güllə bizlərdən birinə dəyirdi.
Remark yazırdı ki, biz niyə vuruşduğumuzu bilmirdik, aldadılmışdıq.
Remarkın bəhs etdiyi müharibədən bir əsr keçib. Amma çox şey dəyişməyib. Gənclər yenə “Vətən eşqi” ilə aldadılırlar, ölməyə və öldürməyə məcbur edilirlər.

165-WW-566B-23-W_ampC-668

Birinci Dünya Müharibəsi

  Battle-of-Verdun-553x400

1945-ci ildə əsir düşmüş gənc alman əsgər

1945-ci ildə əsir düşmüş gənc alman əsgər

Hər ilin mövzusu: Gül bayramı

Son zamanlar bloq yazıları gözə dəymir. Əslində ölkədə ən ciddi proseslər indi baş verir. Ayda bir dəfə kimsə həbs olunur, 14 gündür ki, ölkənin işıqlı gəncləri həbsxanada aclıq aksiyası keçirirlər, 60 yaşlı fədakar insan, hüquq müdafiəçisi Leyla Yunus saxlanılır, fiziki, işgəncələrə məruz qalır həyat yoldaşı yanında infarkt keçirir.
Bütün bunlarla yanaşı 10 gün sonra milyonlarla manat şəhərin mərkəzində solacaq, minlərlə insan tamaşaya düzüləcək. Görün Azərbaycan necə dəhşətli bir yerə çevrilib. Heydər Əliyev sarayının yanında onlarla insanın şərlənmə məhkəməsi keçirilir, sarayın qarşısında isə 1 ay milyonlarla manatı bir diktatorun doğum gününə xərcləmək üçün hazırlıqlar görülür. Təsəvvür edin ki, milyonlarla insanın var dövlətini bir ailə mənimsəyib. Hələ xalqla məzələnməyi də özlərinə borc bilərək, hər il milyonlarla manatı “Gül bayramı” adı altında xalqın gözünün qarşısında heç edirlər. Gül Bayramına xərclənən pullarla bağlı maraqlı fikirlər var. Ötən illərdə mediaya açıqlanan bir neçə fikri sizinlə paylaşmaq istəyirəm.

Bakının meri Hacıbala Abutalıbov:

«Maliyyədən danışmayın, ona görə ki, Heydər Əliyevimizin qiyməti qiymətsizlikdir. Ona görə də heç maliyyə haqqında fikirləşmirəm. Amma bu il ötən ilə nisbətən iki dəfə yarım çox gül gətiriləcək».

İqtisadçı ekspert Qubad İbadoğlu:

«Zaqatalada baş verən zəlzələdə evlər dağılıb, infrastruktur məhv olub və buna cəmi 20 milyon manat vəsait ayrılıb. 2012-ci ildə gənclərin mənzil təminatının yaxşılaşdırılması üçün 20 milyon manat ayrılıb. Amma bir gün ərzində 10 milyon manat küləyə sovrulur»

Deputat Fəzail Ağamalı

«Azərbaycan dövləti Azərbaycan xalqının rifahı üçün, müxtəlif layihələr üçün pul xərcləyir. Azərbaycanın maddi imkanları genişdir. Bu cür yanaşmalar ciddi yanaşmalar deyil və bu yanaşmaların arxasında ciddi insan düşüncələri dayanmır».

Bakıda yol qırağında gül satan Səməd Feyziyev

«Bu, iş deyil ki, birtəhər başımızı dolandırırıq. İş yerləri olsa, biz də bir gənc kimi gedib işləyərik. Məncə, ona sərf olunan pul daha yaxşı işə xərclənməlidir. Bir-iki günlük tədbirə bu qədər xərc çəkmək… Nə deyim? Varlığa nə darlıq?».

Sonda onu da qeyd edim ki, ağır xəstəlikdən əziyyət çəkən Nərmin Hüseynliyə dəfələrlə müraciət olunmağına baxmayaraq Heydər Əliyev fondu 1 manat da ayırmadı.

Tiranlığın son gecəsi :)

Səhərə yaxın AXCP-nin qərargahında partlayış baş verdi. Heç bircə saniyə də “müəmmalı partlayışdır” deyə düşünmədim. Ölkədə hər gün neçə partlayış olur ki, onlardan biri də bizim balaca ofisimizdə olsun? Azərbaycan kimi dövlətlərdə müxalif partiyanın qərargahında “müəmmalı partlayış” olma ehtimalı çox azdır. Heç nə müəmmalı deyil. Azərbaycan hakimiyyətinin AXCP-yə qarşı bu terrorunun bir neçə səbəbi var. Xalqı və partiya üzvlərini qorxutmaq, qərargahı yararsız hala salıb əlimizdən almaq, təşkilatlanmaq işimizi axsatmaq və s. Bütün bunları edərkən bir çox şeyi unudublar. Məsələn, AXCP-nin 7 il qərargahsız, ofissiz necə təşkilatlandığını, bütün aksiyalarda öndə olduğunu, minlərlə manat cərimələrdən sınmadığını, meydanda tək qalsa da həmişə mübarizə meydanında olduğunu unudurlar. Sədrimiz Ilham Hüseyn neçə illik mübarizəsində ilk dəfədir inzibari qaydada həbs olundu. Körpə qızını xəstə qoyub sutkalığa getdi.  Amma bilirsiz məhkəmə zalında bizə nə dedi? “İşlərimizi axsatmayın!”
Onu heç vaxt ürəkdən dəstəkləməyən anası məhkəmədə hakimə dedi ki,  bugündən cəbhəçilərin sayı artdı. Diktatorların unutduğu bir şey var ki, böyük haqsızlıqlar bəzi insanlarda qorxu yaradırsa daha çox insanda da qəzəb yaradır. Bunu yalnız cəbhəçilərə olan düşmən münasibətdə yox, “Sovestski” sakinlərinə, tələbələrə olan haqsızlıqlarda və s.də görmək olur.
Bir dəfə belə bir bloq yazısı yazmışdım ki, diktatorların işi ağırdır. İslahatlara getsə də köklü dəyişiklik qaçılmazdır, getməsə də. Belə tiranlıqların sonu hər zaman təxminən eyni olur, ya kanalizasiya boşluğundan qaçmalısan, ya da həyat yoldaşın səni itələyə itələyə təyyarəyə mindirib qaçmağa məcbur edəcək. Hə, bir variant da var. Əhali ayaqlanmadan ayıq düşüb sakitcə qaçmaq.
TəsvirTəsvir

TəsvirTəsvir