Asim öldü. Onu siz öldürdünüz!

Dindar, müxalifətçi, sözünü deməyi bacaran insan, gənc  Asim Məmmədovun cəsədi tapıldı. Hələlik heç bir açıqlama verilməsə də onun intihar etdiyi hər kəsə məlumdur. “Facebook”da son yazdığı statusla, telefonun ekranına qoyduğu foto və sözlərlə evdən ölümə getdiyi bəlli idi. İnsan inana bilmir, bir müddət əvvəl görüşüb danışdığın insan artıq burada deyil. O insan ki, hələ 19 yaşı tamam olmayıb.
İnsan inana bilmir, Asim kimi inanclı bir insanın intihar etməsinə. Görün o necə dözülməz bir hala çatıb ki, hər gün ibadət etdiyi Allahım qarşısında necə böyük bir günah işlədiyini bilə bilə intihar edib.
Asim dözə bilmədi. Xalqının, dininin tapdanmağına, inancına “narkotik” ləkəsi sürülməsinə dözə bilmədi.
Qətl sadəcə kimisə öldürməkdirmi? Xeyr! İnsanı ölümə sürükləmək də qətldir. Bu qətl İlham Əliyevin neçənci cinayətdiri? Heydər Əliyev rejiminin neçənci qurbanıdır? Rusiya bazarlarında öldürülən azərbaycanlıların qatili Əliyev rejimi deyilmi? Kasıbçılıqdan özünü öldürənlərin qatili Əliyev rejimi deyilmi? Elmar Hüseynovun, Rafiq Tağının qatili bu rejim deyilmi? Rəşadət Axundovun babası oğlunun şərlənməsinə dözə bilməyib intihar etdi, onun qatili Əliyev rejimi deyilmi? Polis bölmələrində döyülüb öldürülənlərin qatili bu rejim deyilmi? Özü cinayətkar olsa belə Sevinc Babayevanı öldürən bu rejim deyilmi? Daha kimləri, kimləri öldürüblər. Hər gün bu rejimin öldürdüyü neçə insan var?
Bu rejimin cəhalət içində boğulan səhiyyəsi hər gün neçə insanı öldürür? Neçə gənci, neçə körpəni, neçə ananı? Neçə əsgəri öldürüb bu rejim?

Bu ölüm maşınına nə zaman bəsdir deyəcəyik?!Image

“Dağlıq Qarabağ” bəhanəsi

Ötən günlərdə Gürcüstanda təlimdə idik. Təlimdə azərbaycanlılar, ermənilər və gürcülər iştirak edirdi. Ermənistandan olan gənc fəallar da Sarkisyan iqtidarına müxalifl idilər. Ermənilərlə ölkələrimizin problemləri haqqında danışdıq. Problemlər demək olar ki, eyni idi. Hər iki iqtidar müxalif fəalları təqib edir, döyür, həbsə atır. Hər iki ölkənin ordusunda əsgərlər ölür, öldürülür. İlham Əliyevlə Serj Sarkisyan eyni bəhanə ilə ölkəni çapıb talayır. Təbii ki, bu, Dağlıq Qarabağ problemidir. Dağlıq Qarabağı əlində bir bəhanə olaraq istifadə edən hər iki qeyri-legitim prezident “Bizim Dağlıq Qarabağ kimi problemimiz” var deyib ölkəni soyub soğana çevirib, xalqı pərişan edib.
20 ildən artıqdır ki, Əliyevlər “Lazım gəlsə Qarabağı alacağıq” deyir. ” Bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən çoxdur” deyir. Hər dəfə, hər dəfə eyni boş sözlərlə xalqı aldatdığını sanır.
Nəysə, yəqin  gördünüz Ermənistan ordusunun “gövdə göstərisi”ni. Azərbaycan sözü yazılan, daşları sındıran əsgərləri gördünüz. Bu şou

Rusiyada Orxan Zeynalovun diz çökdürülməsini xatırladır. Açıq-aşkar Rusiya və Ermənistan prezidentləri İlham Əliyevə mesaj verirlər.
İlham Əliyev isə yenə öz kefindədir. Neft, qaz, qızıl çıxardır. Milyardlarını sayır. Seçki saxtalaşdırır, arada lent kəsir. Qarabağ problemi tamamilə unudulub və bütün məsuliyyət ATƏT-in Minsk qrupunun üstünə atılıb.
İlham Əliyev tez-tez Sarkisyanla, Pustinlə görüşür. Tez-tez gülümsəyərək, kameralara poza verirlər.
Bu, açıq-aşkar Azərbaycan xalqını,şəhid ailələrini, məcburi kökünləri alçaltmaq deyilmi?

” Serj Sarqsyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib.” ( Vikipedia)

20 illik saxtakarlıq inkişafı

9 oktyabrda ilk dəfə seçkidə iştirak etdim. 5 il oxuduğum məktəbdə həm səs verdim, həm də müşahidəçilik etdim. Müşahidələrimin nəticəsi çox ağır oldu. Məktəbimizin giriş zalında iki məntəqə yerləşirdi. Hər iki məntəqədəki müşahidəçilər (təxminən 18 nəfər) məktəbimizin müəllimləri idi. Həmçinin karusel əməliyyatında birbaşa iştirak edənlər də nə vaxtsa mənə dərs deyən insanlar idi. 

5 il üzlərinə baxdığım, salam verdiyim, saatlarla dinlədiyim insanların necə arsız, həmçinin aciz olduğunu müşahidə elədim.
İlham Əliyevin ölkəyə sığışdıra bilməyib Virciniyaya, Panamaya torbalarla daşıdığı pullardan yerə düşən bir neçə manatı götürmək üçün yerlə sürünürdülər.
Müşahidə elədim ki, son 20 ildə Azərbaycanda analoqu olmayan saxtakarlıq inkişafı baş verib.
Məntəqə sədri üzümə baxa baxa başqalarının adının qarşısına imza atırdı, eyni adamlar 2 saatdan bir gəlib səs verirdilər, heç bir səlahiyyəti olmayan adamlar saatlarla məntəqədə oturdular. Məni təhqir, təhdid edirdilər. Seçkidən qabaq düşünürdüm ki, bəlkə müşahidəçi olmaqdan imtina edim. Qorxurdum ki, bu saxtakarlıqları gözümlə görüb hər şeydən soyuyacağam. Bu xalqa nifrət edəcəyəm. Artıq bu xalqı azad etmək üçün heç nə etməyəcəm.
Amma hər şey əksinə oldu. Mən həm də onu müşahidə elədim ki, İlham Əliyev qorxur! İlham Əliyev öz saxtakar dəstəsinə də inanmır. İlham Əliyev kürü ilə bəslədiyi insanlara da inanmır.
Əgər qorxmasaydı seçkiyə bu qədər adam gətirmək üçün canfəşanlıq etməzdi. Seçkiyə zorla gətirdiyi insanlara səsvermə kabinəsində gizli kameralar olduğunu, əgər ona səs verməsə bunu görəcəklərini deməzdi. Əgər qorxmasaydı “işarələdiyiniz bülletenin fotosunu çəkib mənə təhvil verin” deməzdi. Əgər qorxmasaydı bir insana onlarla məntəqədə səs verdirməzdi.

Ey şərəfli xalq, toplumundakı o şərəfsiz insanların səsini kəsmək üçün, diktaturanı boğmaq üçün, İlham Əliyevi bu ölkədən qovmaq üçün meydana çıxmalısan. 

Əli Kərimli: “Cəbhəçi o insandır ki…”

Biz 24 ildir ki, Azərbaycan xalqına xidmət edirik və sizin qarşınızda deməliyəm ki, Azərbaycan Xalq Cəbhəsinin bir özəlliyi də ondadır ki, kimlər üçün paradoksal görünsə də, bizi ideologiyadan, praqmatik maraqlardan çox xarakter birləşdirir. Xalq Cəbhəsi bütöv xarakterlərin təşkilatıdır. Xalq Cəbhəsi o insanların təşkilatıdır ki, başqaları susanda da cəbhəçi susmaz. Başqaları vəziyyətlə barışanda da cəbhəçi barışmaz. Hər zaman şərin, zülmün, zalımın qarşısındadır Xalq Cəbhəsinin üzvləri. Hər zaman haqqı, hüququ tapdalananların yanındadır, onların qolundan tutur Xalq Cəbhəsinin üzvləri. Hər zaman mərdliyin nümunəsini yaradır, bir sifətliliyin nümunəsini yaradır. Yalanı deməz, yaltaqlanmaz, bir sifətli olar cəbhəçi. Bizi birləşdirən Azərbaycan xalqının bu dəyərləridir. Biz gücümüzü də ondan alırıq. Bizim bu ad günümüzdə özümüzə icazə verib bunu uca səslə deyirik, bəli, nə qədər məhrumiyyətlərə məruz qalsaq da, nə qədər çətinliklər yaşasaq da, amma hamımızın alnımız açıqdır. Biz bu millət üçün hər şeyi etmişik və edəcəyik. Biz bu millət üçün gərəkirsə canımızdan da keçəcəyik. Bizlər o insanlarıq ki, heç zaman haqsızlığın qarşısında susa bilmərik. Susmaq, barışmaq bizim üçün ən böyük cəzadır. Biz o cəzanı çəkməməkdən ötrü bütün başqa cəzalara hazırıq. Biz üzərimizdəki məsuliyyəti bilirik. Bilirik ki, acı, məşəqqətli illərdən sonra çox şükürlər olsun ki, bu ilə, 24 yaşımıza böyük ümidlə gəlmişik. Azərbaycan cəmiyyətinə təqdim etməyə ilkin nəticələrimiz var. Bu gün haqqında ürəklə danışdığımız Milli Şura bizim üçün güvənc, inam yeridir. Amma bilirik ki, hələ çox işləri də görməliyik. O işləri də görmək üçün bizim siyasi iradəmiz var. Biz özümüz özümüzə güvənirik. İnanırıq ki, biz bu yolu sona qədər gedəcəyik. Azərbaycanı gerçək azadlığa qovuşdurana qədər biz bu yoldayıq. Bizimlə bərabər olmaq istəyənlər, buna cəsarəti çatanlar, haydi bizimlə bərabər gəlsinlər, ürəkdə cəbhəçi olanlar meydanda da bizimlə olsunlar. 
Əli Kərimli. 16 iyul 2013ImageImageImage

Support for Dashgin Melikov

3 iyul saat 16:00-da Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovun məhkəməsi keçiriləcək. Prokuror Daşqın üçün 3 il iş istəyib. Sabah hakim məhkəmənin qərarını oxuyacaq. Hər zaman qeyd etdiyişik, indi də qeyd etməyə böyük ehtiyac var ki, Daşqın astma xəstəsidir və rəsmi olaraq II qrup əlildir. Onu narkotik ittihamı ilə həbs ediblər və məhkəmə istintaqında şahidlərin ifadələri, Daşqının ifadəsi, vəkilin sualları ittihamın saxta olduğunu sübut edib. Bütün bunlara baxmayaraq ittihamçı Daşqının 3 il həbsdə qalmağını məhkəmədən tələb edib. Daşqının həbsdə qalmağı onun səhhətinin daha da pisləşməsinə gətirib çıxara bilər. İstəyimiz məhkəmənin Daşqına bəraət verməsidir. Bunun üçün hər birinizin dəstəyinə ehtiyacımız var. Sabah məhkəmədə iştirak etməyiniz və ya sosial şəbəkələrdə Daşqın haqqında yazaraq ictimaiyyəti məlumatlandırmağınız, ona və ailəsinə dəstək olmağınız bir gəncin həyatını xilas edə bilər.

“Facebook” və “Twitter”də #freedomforDashgin #freeDashgin #justiceforDashgin haştaglarından  istifadə edərək Daşqın Məlikov haqqında ingiliscə, rusca və başqa dillərdə statuslar yazın. Daşqına bugün dəstək olmaq lazımdır, sabah gec ola bilər. Image ImageImage

Can yoxsa mal?

Sahib Kərimli, AXCP Rəyasət Heyətinin üzvüdür. Uzun illərdir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasinda siyasi fəaliyyətlə məşğuldur. 2011-ci ilin böyük 2 aprel mitinqdə həbs olunmuşdu. 14 ay-dan artıq həbsdə oldu. Həbsxanada tanımışdım onu. Vəkilindən daha çox müdafiə edirdi özünü. Siyasi fəaliyyətinə görə həbsxanaya girib çıxıb özünü dağ başına çıxaranlardan olmadı. Əvvəl necə idisə indi də elə davam edir aktiv müxalifətçi həyatına. Həbsxana onu heç cürə dəyişə bilmədi. Nə bir addım geri atmadı, nə də özünü “dartmadı”.
İki gün əvvəl isə hakimiyyətin muzdluları onun maşınının şüşəsini sındırıblar. Maşından heç nə götürməyiblər. Sırf qorxutmaq, narahat etmək məqsədilə sındırıblar. Adama isə maraqlı gələn odur ki, niyə öncə onu həbs edib, sonra malına ziyan vururlar? Mənim bu işdən anladığım bu oldu ki, bizim bu zorba hakimiyyətimiz üçün malları öz canlarından əzizdir. Onlar biz müxalifətçiləri öncə öz canımızla təhdid edirlər, çox çətinliyə düşəndə isə malımızla. Amma onu anlamaq istəmirlər ki, biz onlardan çox fərqliyik. Birincisi onda ki, bizim üçün mal, əmlak sadəcə yaşamaq üçün vasitədir. İkincisi isə biz demokratiya istəyiriksə demək ki, istəyirik. Fərqi yoxdur ac da qalsaq istəyəcəyik, həbsxanada çürüsək də istəyəcəyik. Image

Cəbhəçilik bəzən…

Cəbhəçilik bəzən xəstəxanda bir qabdan yemək yeməkdi…

Partiyamla bağlı iki duyğu yaşadım bugün. Bunu sizinlə paylaşmaq istədim. O qədər səmimi duyğulardı ki. Bu duyğuları heç kim siyasiləşdirə bilməz. 🙂20130316_212938(0)
Səhər yenə getmişdim xəstəxanada yatan cəbhəçi Renad qardaşımızın yanına. Sutkalıqdan çıxan cəbhəçi qardaşımız Elvin birbaşa ora getmişdi. Yanında xanımı, oğlu və digər cəbhəçilər. Sonra onlar getdilər. Mən də getməliydim işə. Çıxanda dönüb Renada baxdım. Onun xəstəxanada yatdığı müddəti düşündüm. Bir gün belə tək qalmadı orda. Ailəsi uzaqda olsa da yoxluq hiss eləmədi. Öz özümə fikirləşdim ki, arxasında belə bir ailə gücü olan insan niyə döyülməkdən, həbs olunmaqdan, şərləməkdən qorxmalıdır ki? Nihad beyin onun üçün yemək gətirməsi, Əbülfəz beyin onun yeməyinə çörək doğraması.. O qədər gözəl görünür ki! Bunu öz qohumları, ailəsi edəndə heç bir hiss keçirməz insan. Normaldır, etməlidir. Amma başqa, heç bir qan qohumluğun olmayan insanların sənin üçün ora bura qaçdığını, əziyyət çəkdiyini görmək o qədər xoşdur ki. Birlikdə sevinib birlikdə üzülmək o qədər ləzzətlidir ki, inanın.
Hələ partiya sədrimizin, Əli bəyin oğlu olması xəbərini eşidəndə o qədər sevindim ki… Ən son nə zaman belə sevindiyimi xatırlamıram. Yəqin bir də qardaşımın övladı dünyaya gələndə bu qədər sevinəcəm. O qədər sevindim ki, Əli bəy evində körpə səsi eşidəcək deyə.. Bu qədər stress, yorğunluq və o gözəl körpə. Cəbhənin körpəsi.. xoşbəxtlik! Deyəsən budur. Dostlar, paylaşılan xoş xəbərlər və paylaşılan həyat. Bilmirəm kimə təşəkkür edim bu gözəl təşkilatda varlığım üçün. Elçibəyəmi? Heydər Əliyevəmi?

Şəhid ailəsinə “dövlət qayğısı” (FOTOLAR)

Bildiyiniz kimi “Əsgər ölümlərinə son” aksiyasında saxlanılan fəalların bir neçəsi fantastik cərimələrə məruz qalmışdılar.Fəalların “5 qəpik” aksiyasını da hamımız xatırlayırıq. Bir neçə gün içində 10 min manatdan çox pul tığıldı. Cəriməsini ödəmək istəyənlər ödədilər Bir neçə nəfər isə “Vətəndaş itaətsizliyi” kampaniyasına başlayaraq cərimələri ödəməkdən imtina etdilər.
Qalan pullar şəhid ailələrinə veriləcəkdi. Verildi də.
Bir neçə ailəyə verilən pulları, müxtəlif təşkilat üzvləri şəhid ailələrinin evinə gedərək təqdim etdi.
Biz də getmişdik. 2010-cu ilin yanvar ayının 28-də qeyri-döyüş şçəraitində öldürülən zabit Vasiq Sadıqovun evinə. Nə yazım? Fotoda aydın görünmürm? Ev dediyim bu fotoda gördüyünüz kiçik otaqdan ibarətdir. 3 uşaq, onların anası və şəhid Sadıqovun anası bu “ev”də yaşayır. Şəhidin həyat yoldaşı Nüşabə xanım deyir ki, 4 ildə dövlət onun qapısını bir dəfə də döyməyib. Heç kim onlarla maraqlanmayıb. Deyir ki,yoldaşımı aradan götürdülər.. Yəni bizimkilər öldürdülər. Qatilləri isə tapılmadı.
Evdə diqqətimi çəkən bir nüans da oldu. Divardan asılan milli bayraq və bayrağın üstündə Elçibəyin fotosu..ImageImageImageImageImageImageImage

Gənc siyasi məhbusu tanıyın!

Bu rejim ona müxalif olan insanlardan qisas almağı sevir. Bunun üçün fürsət gəzir. Bunun ən böyük nümunəsini Nigar Yaqublunun simasında gördük. Başına gələn bədbəxt hadisə ucbatından, qanunsuzca, saxtakarlıq edərək, onu 5 aydan artıqdır ki, həbsdə saxlayırlar.
Amma yalnız Nigar deyil bu qisasçılıq siyasətindən əziyyət çəkən. Bəlkə də bir çoxunuzun tanımadığı Tural Həsənzadə indi həbsdədir. AXCP Nizami Rayon Gənclər Komitəsi sədri Tural Həsənzadə bu murdar rejimlə hər üsulla mübarizə aparırdı. Meydana çıxaraq, bloq yazaraq, təşkilatlanaraq, sosial şəbəkələrdə aktiv təbliğat apararaq. Hakimiyyət də ondan hər cürə qisas aldı.
O da başına gələn bir bədbəxtlik üzündən əvvəllər məhkum olunub. Lakin, həbsxanada Hepatit C xəstəliyinə (Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar) tutulduqdan sonra cəzasını bitirməyə 6 ay 11 gün qala azad olunub. Vəziyyəti ağır olduğu üçün!
Sonra nə oldu? Tural müxalifətə qoşuldu, daha konkret AXCP-yə üzv oldu. Fəallıq etməyə başladı. Bütün aksiyalarda çox aktiv şəkildə iştirak etdi. Son iki, bütün gəncləri əhatə edən mitinqlərdə də polislər tərəfindən saxlanıldı. 12 yanvar “Əsgər ölümlərinə son!” və 16 yanvar “Silahları üstümüzdən çəkin” aksiyasında saxlanıldı və birincidə məhkəmə tərəfindən 600 AZN cərimələndi. İkincidə isə polis idarəsində vəziyyəti pisləşdiyi üçün hamıdan əvvəl azad edildi. Bəs sonra nə oldu? Turalın əvvəlki vəziyyətindən xəbər tutan rejim onu həbs etdi. Dərhal məhkəməyə çıxardı və yarım qalan cəzasını tamamlamağına qərar verdi. 6 ay 11 gün! Yazının əvvəlini xatırlayın. Tural, çox ciddi bir xəstəlikdən əziyyət çəkdiyi üçün azad olunmuşdu. Nə oldu? Hepatit C kimi ciddi bir xəstəlikdən qurtuldumu, Tural? Yox! Müxalifətçi olduğu üçün vəziyyətinə baxmadan onu həbsə atdılar.
Vəkili bu günlərdə onunla görüşə getmişdi. Öyrəndi ki, ona 10 günlük cəza verib, cəzaçəkmə müəssisəsinin karserinə salıblar. Bu ümumiyyətlə dəhşətdir. Təsəvvür edin qaraciyər serrozu olan adamı soyuq, daş bir otağa salıblar.
Bu rejimdən onu azad etməsini tələb etməyimiz əbəsdir. Amma Tural üçün “azadlıq” kampaniyası aparmalıyıq. Sosial şəbəkələrdə, əsasən twitterdə #freeturalhasanzade ve #Azerbaijan haştaglarından istifadə edib statuslar yazaq. Xarici dil bilənlərdən xahiş edirəm onunla bağlı statuslar yazsınılar. Rusca, almanca, ingiliscə, fransızca və s.
Bunu hamı etməlidir. Hamı Turala dəstək olmağa borcludur. Tural Həsənzadəni tanımırsız deyə onu görməməzlikdən gələ bilməzsiniz. Bu hakimiyyətin ədalətsizliyindən daha da ədalətsizdir.
Image

 

AXCP məni necə aldatdı?

“Gunxeber”dən gələn xəbər məni lap özümdən çıxardı.  AXCP-nin iç üzü açıldı. 3 ildir mübarizə aparıram. Yalan deyə bilmərəm adamın başının üstündə Allahı var hər ay pulumu vaxtlı vaxtında verirdilər. Hələ polislərin əlinə düşdümsə iki qat pul alırdım.
Amma bundan başqa da mən AXCP-yə üzv olanda mənə deyilmişdi ki, hakimiyyətə gələn kimi sənin vəzifən hazırdır. Özüdə bilirsiz nə vəd etmişdilər? Deyilmişdi ki, 2013 Prezident seçkilərində Əli Kərimli mütləq prezident seçiləcək . Mən də ABŞ səfiri olacağam. Beynəlxalq münasibətlər təhsili aldığım üçün mənə ən uyğun vəzifə bu imiş. “Gunxeber.com” saytındakı siyahını oxudum. Elə bil başımdan qaynar su töküldü. Sən demə nə Əli Kərimli prezident olacaq nə də mən ABŞ səfiri. Adımı heç olmasa kiçik bir vəzifənin qabağında görmək istəyirdim. Nə qədər ələk vələk eləsəm də tapa bilmədim.
Bunu necə qəbul edim? 3 ildir saçımı süpürgə etmişəm. Məni necə də aldatdılar. Elə məsələdir ki, adam bilmir nə etsin. Məhkəməyə də verə bilməzsən ki, bunları. Adamı borclu çıxararlar. Əlimdən gələn odur ki, AXCP-dən istefamı verim çıxım. Bəsdir aldatdız bizi.

Yaxşı-yaxşı zarafat edirəm. Nə heç kim pul verməyib, nə də vəd. Görün necə axmaqlıqdır. Ya müxalifətərə qara yaxmaq üçün, ya da sayta baxışı artırıb pul qazanmaq üçün bilmirəm nədən “Gunxeber.com” saytı çox mənasız bir siyahı hazırlayıb və sata yerləşdirib. Bu, kimin təxəyyülünün nəticəsidir çox maraqlıdır. Görəsən o xəbəri oxuyan 10 min adamdan biri inanıbmı buna? Hər şey qırağa deyək ki, belə bir siyahı var və düzdür. Kiminsə əlinə necə keçib? Lap deyək keçdi, həmin adam o qədər axmaqdır ki, bunu “gunxeber.com” kimi mənasız bir sayta satsın? Debilliyin hər cürəsini gördük bu ölkədə.